Dünya azərbaycanlıları birlik, həmrəylik nümayiş etdirirlər

Xarici ölkələrdə yaşayan soydaşlarımız Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribata qarşı dinc etiraz aksiyaları təşkil ediblər. Xüsusən, diaspor təşkilatlarımız həmrəylik nümayiş etdirərək aksiyanın təsir dairəsinin genişlənməsinə nail olublar. Bu hadisə Azərbaycan diasporunun mütəşəkkil şəkildə formalaşmasının təzahürü kimi qəbul edilə bilərmi? Müsahibimiz Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin (DFJD) sədri Fuad Hüseynzadədir.

– Fuad müəllim, diasporumuzun həmrəylik strategiyası necə olmalıdır?

-Artıq istər fərdi, istərsə də ümumi ictimai fəaliyyətlər yeni dövrün tələblərinə uyğun qurulmalıdır. Bu baxımdan dünya azərbaycanlılarının üzərinə böyük məsuliyyət düşür. Xüsusən, xaricdə yaşayan soydaşlarımız Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çevik addımlar atmalıdırlar. Əlbəttə ki, bu baxımdan internetin gücündən istifadə edilməsi vacib amildir. Əsasən də sosial medianın əhəmiyyəti daha böyükdür. Xaricdəki soydaşlarımız sosial mediada kifayət qədər aktivdirlər. Lakin bu işdə də həmrəyliyə ehtiyac var. Xaricdə yaşayan həmvətənlərimiz sosial mediada həmrəylik nümayiş etdirərək aktiv olarsa, Azərbaycan həqiqətləri dünyaya daha çox yayılar. Virtual həmrəylik dünya azərbaycanlıları üçün çox önəmlidir. Bu, zamının tələbi və hər hansı fəaliyyətin təsir gücünü artırmaq üçün strateji keçiddir. Azərbaycanın xaricdə təbliğat və tanıtımını aparmaq üçün əsas taktiki yolların internet üzərindən görülməsinə ehtiyac var. Bunun üçün də heç də xaricdə yaşayıb diaspor olmağa ehtiyac yoxdur. Virtual məkana daxil olub təbliğat aparanların hamısı elə “virtual diaspor”dur. Azərbaycanla bağlı yeni brendlərin yaradılması da vacib amildir. Bu, xaricdəki soydaşlarımıza ölkəmizin tanıtımının aparılması işində əhəmiyyətli rol oynayır. Amma, hər halda, mövcud brendlərdən də istifadə etmək olar. Hazırda yeni iqtisadi siyasətin əsas istiqamətlərindən biri də “Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının istehsalı və xarici ölkələrə satılmasının təşviqidir. “Made in Azerbaijan” brendi altında xaricdəki beyin məhsullarımız da nəzərdə tutulmalıdır. Bu gün xaricdə öz unikal ixtiraları ilə özünəməxsus yer tutan soydaşlarımız var. Həmin insanları üzə çıxarıb “Made in Azerbaijan” brendi altında təbliğ etmək olar. Ümumiyyətlə isə “Made in Azerbaijan” brendinin virtual təbliğatını gücləndirib dünya gündəminə çıxarmaqla daha effektiv nəticə əldə etmək olar.

Ənənəvi tədbirçilikdən çıxıb virtual tədbirlərə keçid etməyin bir neçə faydası var. Əvvəla, dünyanın dörd bucağında yaşayan soydaşlarımız bir-birlərini heç bir məsafə qət etmədən tanıyırlar. İkincisi, tədbirlərin məsrəfsiz keçirilməsidir. Xaricdəki bir çox soydaşlarımız hər hansı şəhərdə tədbir keçirilərkən ora getmək üçün yolxərci və vaxtın olmamasını əsas gətirirlər. İnternet üzərindən olan tədbirlərdə isə bu xərclər, demək olar ki, sıfıra enir. Bu formalı layihələr daha tez ictimai effekt verir. Ayrıca, belə layihələr keçirildikcə soydaşlarımızda bir-birinə inam və etimad daha da artacaq. Bu da təbii şəkildə sonda elə soydaşlarımızı virtual həmrəyliyə aparacaq. Lakin bu işlərdə bütün soydaşımızdan çeviklik tələb olunur. Ən əsası da hər kəs bunu bir könül işi bilməlidir. Bu gün hər birimiz özümüzü informasıya müharibəsinin əsgərləri bilməliyik. Mən bu istiqamətdə işlərin təkcə yazmağı ilə deyil, həm də praktiki olaraq icrası ilə də məşğul oluram. Hətta biz bir neçə könüllü virtual layihələr edərək ölkəmizdə ilklərə imza atmışıq. Bunlardan aldığımız mənəvi zövq bizi yeni layihələr keçirməyə sövq edir.

-Son zamanlar xaricdəki soydaşlarımızın keçirdikləri aksiyalar, yürüşlər Azərbaycan, o cümlədən Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından nə dərəcədə effektlidir?

-Ermənistan tərəfindən mətəmadi olararaq Azərbaycana qarşı təxribatlar edilir. Son olaraq isə 12 iyul 2020-ci ildə  Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində artilleriya atəşi edərək təxribatlar törətdilər. Lakin ermənilərin bu terrorist əməlləri cavabsız qalmadı. Azərbaycan ordusu onların lazımı cavblarını verdi. Eyni zamanda dünya azərbaycanlıları Ermənistanın bu təxribatına səssiz qalmadı. Müxtəlif ölkələrdəki soydaşlarımız beynəlxalq təşkilatlara bəyanatlar yaydılar, eyni zamanda Ermənistanın xarici ölkələrdəki səfirlikləri qarşısıda etiraz aksiyaları keçirdilər. Bütün bunlarlar soydaşlarımız dövlətimizə və ordumuza dəstək olduqlarını göstərdilər. Biz bir daha şahidi olduq ki, azərbaycanlılar harada yaşamaqlarından asılı olmayaraq vətınlə nəfəs alır və Qarabağ uğurunda savaşa hazırdır. Belə etiraz aksiyaları ilə dünya azərbaycanlıları birlik, həmrəylik nümayiş etdirdilər. Soydaşlarımız tərəfindən bütün bu tədbirlər icazəli şəkildə həyata keçirilib. Lakin ermənilər hər zamankı kimi öz təxribatlarını davam etirdilər və barbarlıqlarını göstərdilər. Biz onların bu barbar simlarını Los-Anceles, Brüssel və digər şəhərlərdəki son hadisələrdə bir daha gördük. Soydaşlarımızın dinc şəkildə keçirdikləri etiraz aksiyalarında güc tətbiq etdilər. Və bir neçə həmvətənimizə xəsarət yetirdilər. Bununla yanası, qeyri-etik ifadələr işlədərək mənfur simlarını nümayiş etdirdilər. Ermənistanın Tovuz döyüşündə uduzması və ABŞ Konqresinin Dağlıq Qarabağla bağlı qanun qəbul etməsi ermənilərdə qıcıq yaradıb. Məhz buna görə də ermənilər xüsusən ABŞ-da kütləvi şəkildə küçələrə çıxaraq azərbaycanlılara öz aqressiyalarını göstərdilər. Artıq Qarabağ həqiqətlərinin xaricdə yayılmasında diaspor üçün yeni cəbhə yaranıb. Düşünürəm ki, ermənilərə qarşı qanun çərçivəsində mübarizə aparmaq lazımdır. Atılan hər bir addın düşünülmüş və planlı olmalıdır. Xaricdə Azərbaycan, eləcə də Qarabağ həqiqətlərinin təbliğ olunması yeni taktiki yollar tapılmalıdır.

Strateji hədəflərə çatmaq üçün soydaşlarımız daha çox elitar təbəqə ilə işləməlidirlər. Gənclərimiz xarici ölkələrdə rəsmi qurumlarda daha çox təmsil olunmalıdırlar. Dünya mediasında gündəmi öz xeyrimizə dəyişmək, Ermənistanın təcavüzkar siyasətini ifşa etmək üçün xarici KİV-lərlə aktiv işləmək lazımdır. Bu məsələ ilə bağlı Prezident İlham Əliyev dəfələrlə cağırış edib. Ölkə başçısı iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda çıxışında da deyib ki, xarici kütləvi informasiya vasitələri ilə sıx təmaslar olmalıdır. Bu fəaliyyət istiqaməti hər zaman pripritetdir. Buna görə də Ermənistanın Tovuz istiqamətindəki təxribatları ilə bağlı xarici KİV-lərdə ifşaedici məqalələrin sayı artırılmalı, sosial şəbəklərdə, xüsusən “Twitter”də erməni lobbisinə qarşı virtual güc birliyi ortaya qoyulmalıdır. Diaspor olaraq yeni strateji plan qurulmalı və erməni lobbisi ifşa etməlidir. Ən əsas da milli diaspor ermənilərin işğalçılıq siyasətini önə çəkməli, onların Dağlıq Qarabağda qeyri-qanuni əməllərini dünyaya yaymalıdır. Xüsusən, qondarma qurumun rəhbərlərinin separatist, cinayətkar fəaliyyətlərini dünyaya bəyan etmək lazımdır. Ümumiyyətlə, güc birliyi nümayiş etdirib Ermənistanın işğalçılıq siyasətini ifşa etməliyik. Bu baxımdan informasiya müharibəsində böyük əks-səda verə bilən trendlər yaratmalıyıq. Bunun üçün əlimizdə kifayət qədər resurslar var. Biz Qarabağ məsələsi ilə bağlı təbliğat işini informasiya müharibəsi üzərindən aktiv aparmalıyıq. Bu müharibənin nə əvvəli var, nə sonu və ümumiyyətlə, sülhü də yoxdur…

-Siz DFJD olaraq ermənilərin Tovuz təxribatlarının ifşa olunması istiqamətində hansı işlər gördünüz?

-Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin (DFJD) sədri olaraq dünya mediasında Qarabağ həqiqətlərinin yayılması, Ermənistanın təxribatlarının ifşa olunması istiqamətində davamlı çalışıram. Növbəti dəfə Ermənistanın Tovuz istiqamətindəki təxribatları ilə bağlı ifşaedici məqaləm Monteneqronun “Bosnjaci.net”, Misirin “Aldiplomasy.com”, Pakistanın “Thefortress.com.pk”, Özbəkistanın “Fikr.uz”, Gürcüstanın “Newsday.ge”, Ukraynanın “Versii.com” saytlarında dərc olunub. “Dünya ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətini qınamalıdır” adlı məqalədə dünya birliyinə çağırış etmişəm. Yazıda işğalçı Ermənistan zaman-zaman Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparılması qeyd olunub. Məqalədə vurğulanır ki, Azərbaycan hər zaman olduğu kimi, ərazisini qoruyur və bu şəkildə hər şey etməyə hazırdır. Yazıda ermənilər tərəfindən Tovuzda törədilən son təcavüz aktı pislənilib, bütün dünya ictimaiyyətinə Ermənistanın təcavüzkar siyasətini və qanun pozuntularını qınaması üçün çağırış edilib. Həmçinin DFJD Brüsseldə ermənilərin azərbaycanlı jurnalistə etdikləri xəsarətlə bağlı beynəlxalq qurumlarına  bəyanat ünvanlayıb. Bəyanatda iyulun 22-də ermənilərin Azərbaycanın Belçikadakı səfirliyi qarşısında etiraz aksiyası keçirərkən REAL televiziyasının əməkdaşı Xatirə Sərdarqızına xəsarət yetirdikləri qeyd olunub. Beynəlxalq təşkilatlardan Belçika hökumətindən Brüssel polisindən, mətbuat təmsilçisinə hücum etməklə ona ağır bədən xəsarəti yetirən şəxslərin fəaliyyətini təcili araşdırmağı və günahkarların tapılıb cəzalandırılmasını tələb etməsi xahiş olunub. Xatırladım ki, müraciət Beynəlxalq Mətbuat İnstitutuna, Beynəlxalq Söz Azadlığı Mübadiləsinə, Beynəlxalq Jurnalistlər Federasiyasına, Sərhədsiz Reportyorlar Təşkilatına, Jurnalistlərin Müdafiə Komitəsinə, Azadlıq Evinə, Dünya Mətbuat Azadlığı Komitəsinə, XIX Maddə (Article19), Avropa Jurnalistlər Federasiyasına göndərilib.

-Diasporumuzun inkişafında gənclərdən nə kimi gözləntilər var?

-Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, öz fəallığı, elmi, müasirliyi ilə seçilir. Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə, tərəqqisinə öz dəyərli töhfələrini verirlər. Dövlətin gənclər siyasətinin başlıca məqsədləri gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şəraiti yaratmaqdır. Gənclərin xaricdə təhsil almasına yaradılan imkan da məhz bu siyasətə xidmət edir. Bu gün xaricdə təhsil alan və yaşayan gənclərimiz aktiv ictimai-siyasi fəaliyyətlə də məşğuldurlar. Xaricdəki gənclərimiz artıq yeni bir gücə çevriliblər. Bu gün beynəlxalq əlaqələrdən də istifadə edib daha geniş formada ölkəmizi tanıtmaq və dünyada güclü mövqeyə malik olan siyasi mərkəzlərlə əməkdaşlıq edilməlidir. Bu işdə xaricdəki savadlı və intellektual səviyyəli gənclərimizin bilik və bacarığından maksimum yararlanmaq olar.  Ümumiyyətlə, xaricdəki gənclərimiz öz gücündən lazımı səviyyədə istifadə etməlidirlər. Onlar yaşadıqları ölkələrin dilini öyrənməlidir. Daha sonra yerli dildə saytlar açmalıdırlar. Son dövrdə ölkəmizə qarşı düşünülmüş qərəzli kampanıyalar aparılır. Azərbaycan cəmiyyətinin informasiya mühitində fəallığı birbaşa ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Bu nüfuzun qorunması, yüksəlişi naminə xaricdəki gənclər də bütün səy və bacarıqları, şəxsi təşəbbüsləri birləşdirməlidir. Həmçinin gənclərimizi xaricdə iştirak etdikləri müxtəlif elmi konfranslarda, tədbirlərdə Azərbaycanın dünyada tanıdılması yönündə əllərindən gələnin ən yaxşısını eləməyə səy göstərməlidir. Xarici ölkələrin ali təhsil ocaqlarında, dünyanın müxtəlif ölkələrində keçirilən mötəbər tədbirlərdə nə qədər çox gənclərimiz iştirak etsə bu, ölkəmizin həm tanıdılmasına, həm də diasporumuzun inkişafına təkan verəcək.

Alim Hüseynli

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Alət çubuğuna keç