Putin 2036-cı ilə qədər hakimiyyətdə qalmaqda İDDİALIDIR

Rusiyadakı konstitusiyaya dəyişiklikləri məhz mövcud hakimiyyətin siyasi ömrünü uzaqtmağa hesablanıb

Xaqani Cəfərli: “Rusiya Putinin siyasi və mənəvi ligitimliyini itirməsiylə avtoritar rejimin çöküş mərhələsinə daxil olur”

“Konstitusiyanı məzmunca tamamilə dəyişmək cəhdi Rusiya cəmiyyətindəki bölünməni o qədər dərinləşdirib ki, bundan sonra iqtidarla müxalifət arasında mübarizə siyasi mübarizədən ölüm-dirim savaşına keçəcək”

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin bu ilin əvvəlində ölkədə konstitusiya islahatlarının həyata keçirilməsini və bunun ümumxalq səsverməsinə çıxarılmasını təklif edib. Bundan sonra Rusiya Dövlət Duması üçüncü, sonuncu oxunuşda konstitusiyaya dəyişiklikləri qəbul edib. Odur ki, artıq iyunun 25-dən etibarən Rusiyada konstitusiyaya dəyişikliklərlə bağlı yeddi günlük səsverməyə start verilib. Qeyd edək ki, Rusiya konstitusiyasına ediləcək yeni dəyişikliklər prezidentin səlahiyyətlərinin xeyli gücləndirilməsinə, o cümlədən Putinin hakimiyyəti ələ keçirməsinə hesablanıb. Bu isə müxalif qüvvələrin, eləcə də ölkə əhalisinin ciddi narazılığına səbəb olub.

Rusiya müxalifəti hesab edir ki, Putinin göstərişi ilə baş tutan səsvermə Rusiya konstitusiyasının pozulması və çevrilişdir

Onu da bildirək ki, mövcud qaydalara əsasən Putinin üç dəfə ard-arda altı illik prezident seçilməsi qadağandır. Yəni konstitusiyada hazırkı məhdudiyyətlərlə onun yeni müddətə seçilməsinə imkan verilmir. Lakin konstitusiya dəyişiklikləri təsdiqlənərsə, o zaman onun əvvəlki prezidentlik müddəti sıfırlanacaq. Bununla da Putin 2024-cü ildə bir, yaxud iki müddətə, yəni 2036-cı ilədək prezident vəzifəsinə yenidən seçilmək imkanı əldə edəcək. Həmçinin hakimiyyətin müxtəlif qolları arasında səlahiyyətlər qismən yenidən bölünəcək. Məsələn, Federasiya Şurasının üzvü bundan sonra rəsmən senator adlandırılacaq. Eyni zamanda, yuxarı palatada prezident kvotası 17-dən 30 senatoradək genişləndirilir. Onların 7-si vətən qarşısında misilsiz xidmətlərinə görə ömürlük senator təyin oluna bilər. Yeni normalarla Rusiya torpaqlarının bağışlanması və bu cür hərəkətlərə çağırışlar qadağan edilir. Rusiya Federasiyası SSRİ-nin varisi elan olunur. O cümlədən, konstitusiyada Allahın adı çəkilir. Rus dili dövlətquran xalqın dili kimi müəyyənləşdirilir, lakin həmin xalqın adı çəkilmir.

Nəzərinizə çatdıraq ki, Rusiya xəbər agentlikləri Putinin bugünlərdə verdiyi müsahibəsinə istinadən, konstitusiyaya dəyişikliklər qəbul ediləcəyi təqdirdə, onun yeni müddətə prezidentliyə namizədliyini istisna etmədiyini vurğulayıblar. Belə ki, dövlət televiziyası ilə nümayiş etdirilən müsahibəsi zamanı “Mən konstitusiyada ortaya çıxsa, bu vəzifəyə namizəd olmağımı istisna etmirəm. Baxarıq. Mən hələlik özüm üçün heç bir qərar verməmişəm” , deyən Putin seçicilərin konstitusiyaya dəyişikliklərə səs verdiyi halda yeni müddətə Rusiya prezidenti seçilməsini nəzərdən keçirə bilər. Opponentlər isə bu dəyişikliklərin Putinin 2036-cı ilə qədər hakimiyyətdə qalması üçün hazırlandığını deyir. Kreml isə parlamentin rolunun gücləndirilməsi, sosial siyasət və dövlət idarəçiliyinin yaxılaşdırılması üçün dəyişikliklərə ehtiyac olduğunu bildirir. Bundan başqa, iyirmi ildir hakimiyyətdə olan 67 yaşlı Putin yenidən namizəd olmadığı halda, varis axtarışlarına başlanılacağını və bunun diqqəti “ritmik işdən” ayıra biləcəyini qeyd edib: “Əgər bu, olmasa, onda təxminən iki ildən sonra – mən bunu öz şəxsi təcrübəmdən bilirəm – hökumətin bir çox səviyyələrində normal ritmik iş mümkün varis axtarışı ilə əvəz ediləcək. Biz işləməliyik, varislər axtarmamalıyıq”.

Bu arada, qeyd etmək lazımdır ki, Rusiya müxalifətinin ən aktiv liderlərindən biri olan Korrupsiyaya Qarşı Mübarizə Fondunun təsisçisi Aleksey Navalnı hələ bir müddət əvvəl Putinin planlarının ölkəni uçuruma apardığını bəyan etmiş və bu səbəbdən də həyəcan təbili çalıb. Belə ki, komandasıyla birlikdə konstitusiyaya təklif olunan dəyişikliklərə qarşı fəal şəkildə təbliğat aparan Navalnı cəmiyyətin Putin iqtidarına qarşı daha ciddi mübarizəsinin təşkil olunmasını təklif edib. Çünki artıq hər kəsə məlum olduğu kimi, sözügedən dəyişikliklər Vladimir Putinin hakimiyyətdə qalma müddətini uzada bilər. Məhz buna görə də Navalnı hesab edir ki, Putinin göstərişi ilə baş tutan səsvermə Rusiya konstitusiyasının pozulması, çevrilişdir.

“Putinin prezidentliyinin “sıfırlanması”na edilən cəhd müxalifətin bütün cinahlarını iqtiadara qarşı sərt mübarizəyə başlamağa vadar edib”

Rusiya müxalifəti çox ciddi sürətdə post-Putin dövrünə hazırlaşır ...

Beləliklə, “Hürriyyət” xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən politoloq Xaqani Cəfərlinin sözlərinə görə, Putinin siyasi və mənəvi ligitimliyini itirməsi ilə Rusiyada avtoritar rejimin çöküşü mərhələsinə də start verilib: “Vladimir Putinin konstitusiyanı məzmunca tamamilə dəyişmək cəhdi Rusiya cəmiyyətindəki bölünməni o qədər dərinləşdirib ki, bundan sonra iqtidarla müxalifət arasında mübarizə siyasi mübarizədən ölüm-dirim savaşına keçəcək. Bu mübarizədə dövlətin güc resurslarını əlində cəmləyən Putin rejiminin müxalifəti asanlıqla əzəcəyi qənaəti yarana bilər. Xüsusilə Rusiya hakimiyyətinin müxalifəti zərərsizləşdirmək üçün məhbus düşərgələri və “kazarma”larının inşa etməsi haqqında məlumatların fonunda avtoritar rejimin müxalifəti “bir sinif kimi” ləğv edə biləcəyi qənaətin formalaşması anlaşılandır. Ancaq məsələ bir qədər fərqlidir. Konstitusiyanın məzmunca tamamilə dəyişdirilərək Putinin prezidentliyinin “sıfırlanması”na edilən cəhd müxalifətin bütün cinahlarını iqtiadara qarşı sərt mübarizəyə başlamağa vadar edib. İndi Putinə qarşı çox geniş bir cəbhə formalaşmaqdadır. Ən əsası isə Rusiya cəmiyyətinin böyük qismi, hətta Putinə müxalifətdə olmayan qismi belə, konstitusiyanın məzmunca tamamilə dəyişdiririlməsi yolu ilə prezidentə istədiyi qədər hakimiyyətdə qalmaq imkanı verilməsini qəbul etmir”.

“Rusiya müxalifəti rejimə yönəlik tənqidlərini kəskin şəkildə sərtləşdirib ki, bu da rejim dəyişikliyinin ictimai şüurda başladığından xəbər verir”

Politoloq qeyd edib ki, Putinin bütün əməllərini kor-koranə dəstəkləyən kiçik hissədən başqa Rusiya cəmiyyətinin böyük hissəsi Afrikanın geri qalmış ölkələrindəki normaların Rusayada tətbiqinə biganə qala bilmirlər: “Putin bu addımı ilə özünü mədəni xalqlardan hesab edən rus xalqının izzəti-nəfsinə toxunub. Rusiyanın yüzlərlə tanınmış ziyalısının, əyalətlətlərin qanunvericilik orqanlarında təmsil olunan yüzlərlə deputatın açıq şəkildə konstitusiyanın məzmunca tamamilə dəyişdirilməsinə qarşı çıxışının səbəbi də budur. Bu olaylar eyni zamanda, Putinin bir siyasi lider kimi ligitimliyini şübhə altına aldı. Bir avtoritar rejimin sonu da məhz bu andan, avtoritar liderin siyasi və mənəvi ligitimliyinin şübhə altına alınması anından başlayır. Avtoritar rejimərin çöküşü rejimin mövcudluğunu təmin edən lider siyasi və mənəvi ligitimliyini itirməsi ilə başlayır. Rusiya da Putinin siyasi və mənəvi ligitimliyini itirməsiylə avtoritar rejimin çöküş mərhələsinə daxil olur. Bu mərhələnin nə qədər davam edəcəyi, avtoritar rejimin tamamilə çökməsi bir neçə faktordan asılıdır. Amma politologiyadan azacıq anlayışı olan hər kəsə aydındır ki, Putinin siyasi və mənəvi ligitimliyini itirməsi ilə Rusiyada avtoritar rejimin çöküşü mərhələsinə də start verilib. Rusiya müxalifəti də bunun fəqindədir. Buna görə də Rusiya müxalifəti rejimə yönəlik tənqidlərini kəskin şəkildə sərtləşdirib. Müxalifətin lideri Aleksey Navalnı konstitusiya dəyişikliklərini dəstəkləyənləri “fahişə” adlandırmaqdan da çəkinmir. Müxalifətin aparıcı adamları isə şəri dayandırmaq üçün cəmiyyəti ayağa qalxmağa çağırırlar. Konstitusiyanın dəyişdirilməsinin kəskin satira obyekti olması da Rusiyada rejim dəyişikliyinin ictimai şüurda başladığından xəbər verir”.

Alət çubuğuna keç