İtkin düşən 3 qız Bakıya gələn “KamAZ”da tapıldı – TƏFƏRRÜAT

Dünən Masallıda itkin düşmüş qızların taleyi məlum olub.

Dunyaxeber.com cenub.az saytına istinadla xəbər verir ki, 10, 14 və 16 yaşı olan bu qızlar Bakıda yaşayan, Şərəfə kəndindən olan şəxslərin övladlarıdır və kəndə qonaq gəliblər. Axşam saatlarında həmin qızlar Bakıya qayıtmağa qərar veriblər. Onların qonaq qaldığı yer Ələt-Astara yolunun yaxınlığında yerləşib. Qızlar yola çıxaraq Bakı istiqamətinə gedən bir “KamAZ” maşınına miniblər. Axtarışlar nəticəsində yük maşını Bakıya yaxınlaşarkən qızlar həmin maşında aşkarlanıb və valideynlərinə qaytarılıb.

***
Masallı rayonunda üç qız itkin düşüb.

DİA.AZ Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin “112” qaynar telefon xəttinə daxil olub.

Məlumatda deyilir ki, 19 iyun 2020-ci il tarixində axşam saatlarında Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızının, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızının və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Hazırda FHN-in Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən itkin düşmüş şəxslərin axtarışları həyata keçirilir.

Alət çubuğuna keç