Əbülfəs Qarayev Eldar Mahmudovun taleyini yaşayacamı? – GƏLİŞMƏ

Mədəniyyət Nazirliyindəki korrupsiya piramidası ifşa ediləndən sonra maraqlı gedişat müşahidə olunmaqdadır.

Yada salaq ki, Əbülfəs Qarayevin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov rüşvət faktlarına görə həbs ediliblər.

Mayın 21-də isə Əbülfəs Qarayevin vəzifədən azad olunması haqqında sərəncam verilib.

Qeyd edək ki, ümumilikdə 26 il nazir olan Ə.Qarayev son 14 ildə mədəniyyət sahəsinə rəhbərlik edirdi. Hazırda Qarayevin müavini və idarə rəisi istintaq altındadırlar. Onun özü isə azadlıqda gəzir. Bu cür gedişat E. Mahmudov vəzifəsindən azad ediləndən sonra müşahidə olunmuşdu.

Ləğv edilmiş MTN-in sabiq rəhbəri E.Mahmudovun da komandasının əsas üzvləri həbs edilsə də, ona toxunulmadı. 2015-ci il oktyabrın 17-də işdən çıxarılandan sonra sabiq nazirin həbs ediləcəyi gözlənsə də, ötən 5 ildə bu baş verməyib. Bunu sabiq təhlükəsizlik nazirinin əlindəki kompromat sandığından məharətlə istifadə etməsi ilə əlaqələndirənlər var. Komanda üzvləri həbsə alınan, özü isə işdən çıxarılan Ə. Qarayevin “kompromat sandığı” olması ehtimalı yoxdur. Olsa-olsa onun 1 sandıq qızılı-briliyantı olar.

Belədirsə, onu niyə istintaqa cəlb etmirlər? Ortada olan sübut-dəlillər Ə. Qarayevin günahının sübutu üçün yetərli deyilmi?

Eks Mədəniyyət nazirini sabiq Təhlükəsizlik naziri ilə tərəzinin eyni gözündə saxlayan nədir? Bu suallar indilik açıq olaraq qalır. Yaxın zamanlarda buna bir məntiqli cavab yəqin tapılar…
“Yeni Müsavat”

Alət çubuğuna keç