“Qadınların əxlaqsız yola düşməsində günahkar kişilərdir” – Kənan M.M – VİDEO

“Qadınların əxlaqsız yola düşməsində günahkar kişilərdir”

KONKRET.az xəbər verir ki, bunu musavat.com-a müsahibəsi zamanı aktyor-rejissor Kənan Mahmudov deyib.

Sənətçi müsahibə zamanı rejissoru olduğu yeni serial, İlkin Həsəni ilə yaşadığı qalmaqal və Mədəniyyət naziri Əbülfəs Qarayevin vəzifədən uzaqlaşdırılmasından danışıb.

– “Şükrüyyə” digər seriallardan nə ilə fərqlənəcək?

– Dayanmadan, 7\24 işləyirik. Enerjimiz var. Çəkiliş, musiqi, keyfiyyət baxımından Azərbaycan standartlarından uzaqdır. Ona görə gecə-gündüz işləyirik. Fərqli texnika ilə çalışırıq. Mahnıların 70 faizi Türkiyədə canlı alətlərlə yazılıb. Aktyorlar yeni simalardır, hamının görüb bezdiyi simalar deyil. Aqil M. Quliyev fakturası var. Midhat müəllim, Günay, Babək, Rüfət var, bir az mən varam. Heç kimin ağlına gəlməyən süjet xətti var. Tamaşaçı növbəti bölümün versiyasını 99 faiz fikirləşirsə, sən 100-cünü elə göstərməlisən ki, təəccüblənsin. Dostlarımızla, yaxınlarımızla ilk bölümü izlədik.

Belə bir söz işlətdilər:

“Yaxşıdır, amma Azərbaycan serialına oxşamır”.

Əgər biz çəkdiyimiz, içərisində olduğumuz hadisəyə hazır şəkildə baxıb kövrəliriksə, deməli, işimizin öhdəsindən gəlmişik.

– Dediniz ki, aktyorların çoxu gənclərdir, az tanınan simalardır. Aktyor heyətini hansı kriteriyaya uyğun seçdiniz?

– Təcrübəm onu deyir ki, tanınmaq bir yerdən başlamalıdır. Mən indi deyirəm ki, onlar tanınmır. İki-üç bölüm sonra hamısı tanınacaq. Aqilin, mənim bu serialdan sonra daha çox tanınacağımızı deyə bilmərəm. Amma elə uşaqlar var ki, bu serialdan sonra həm tanınacaq, həm seviləcək.

– Adətən çəkdiyiniz ekran işlərində baş rola özünüz çəkilirsiniz. Bu dəfə də Kənan M. M-i baş rolda görəcəyik?

– Mən əslində Aqilin obrazını oynamaq istəyirdim. Çoxdandır ki, mənfi obraz canlandırmaq niyyətindəyəm. Bu serialda 6-7 baş rol var. Serialın strukturu elədir ki, bir daşı çəksən, hamısı uçar. Serialımızın adı “Şükriyyə”dir. Adı özüm seçmişəm. Hər gün eşitdiyimiz adlardan deyil. Mənası “Şükür edən“ deməkdir. Serialın adının “Şükriyyə” olmasının Əhməd Cavadın həyat yoldaşı Şükriyyə ilə əlaqəsi yoxdur. Amma biz o xanımın da mərdliyini bilirik, həyat yoldaşı ölüm ayağında olsa da, sürgün edilsə də, ondan ayrılmayıb və sürgün edilib. Şükrüyyə olmaq, qadın olmaq, asan bir şey deyil. Amma mümkündür.

Məqsədim təkbaşına, ayaqları üzərində qalmağı bacaran Azərbaycan qadınını göstərməkdir. Hər kəs boşana, ayrıla, sevgisində uğursuz ola bilər, bunun digər insanlara aidiyyatı yoxdur. Bir də əks cinsin nümayəndəsi olaraq bu sözü demək mənə çətindir. Qadınların pis yola düşməsində kişilərin bilavasitə rolu var. Çox təəssüf ki, belədir. Amma nəticə etibarilə əxlaq üstün gəlməyi bacarır.

– Belə başa düşdüm ki, müzakirələrə səbəb olacaq ekran işi olacaq. Çünki sizin lentə aldığınız işlər tez-tez tənqid olunur. Sizcə, bu dəfə nəyi irad tutacaqlar?

– Mənim ilk tənqidçim özüməm. Çünki nəticə etibarilə bu işin rəhbəri, rejissoru olmadan öncə tamaşaçıyam. Tamaşaçı olaraq film xoşuma gəlirsə, qəlbimin səsini dinləyib o ssenarini ekranlaşdırıram. Kimsə bəyənsin deyə film çəkmirəm.

– Ötən ilin əvvəlində İlkin Həsəni ilə qalmaqalınız oldu. Amma uzun müddət sonra bu qalmaqal yenidən alovlandı.

– İlkin mənim balaca qardaşımdır, dostlarımdır. Sənət alıəmində belə şeylər olub, olacaq da. O deyir, Kənan dram da çəkə bilmir. Onlar heç nə çəkə bilmir, adı üstündə, bozbaşdırlar.

– “Bozbaş Pictures” komandası artıq dağılıb.

– Bəsdir də, nə qədər bozbaş yemək olar. Klassik Azərbaycan sözü var. Biz bir-birimizi yaxşı tanıyırıq. Sənətçi olaraq heç kim məni onlarla müqayisə edə bilməz.

– Mədəniyyət Nazirliyindən daim şikayətçi olmusunuz. Mədəniyyət naziri Əbülfəs Qarayevin işdən uzaqlaşdırıldığı zaman diqqətlər ilk sizin üzərinizə yönəldi.

– Hamı mənə link göndərir ki, nazirimiz işdən çıxdı. Elə bil, hər gün nazirlə birlikdə olmuşam, üzücü xəbəri mənə verirlər, mən də üzülməliyəm. O rəhbərlik məni tanımırdı. O, mənim nazirim deyildi. Bir Mədəniyyət naziri 20 illik karyerası olan sənətçini tanımırsa, onu niyə nazir kimi tanımalıyam? Mən rejissor olanda Əbülfəs bəy nazir deyildi.

– Sizcə, yeni Mədəniyyət nazirimiz kim olmalıdır?

– Bəlkə də bizə Mədəniyyət naziri lazım deyil, mədəni, Azərbaycan dilini bilən, vətəni sevən insan lazımdır. Əgər mənim sözümlə seçiləsi olsaydı, Qənirə Paşayevanı deyərdim. Onun vətənə xidmətini tək burda olanlar yox, Türkiyədəkilər də görüb. Istərdim ki, cavanlara, gənclərə şərait yaradılsın. Bu qədər dövlət büdcəsi hesabına filmlər çəkildi. Bir dəfə qala gecəsi edirlər, vəssalam. Mədəniyyət Nazirliyinin hesabına çəkilən filmləri insanlar tanımır. Çünki piarı yoxdur.

– Kino sahəsinə baxanda nə görürsünüz?

– Karantin, kinomuzda elə karantindir. Sual verirlər ki, niyə bunu çəkirsən? Deyirlər, tələbat bunadır. Nə təlabat? Uşağı özbaşına qoysan, məktəbə getməz ki, tələbat bunadır. Heç nəyi özbaşına qoymaq olmaz. Aqildir, mənəm və bir neçə rejissordur, biz filmə əl atsaq, kinomuz düzələcək. Atmasaq, ömür boyu kinomuz karantində qalacaq.

– Bəs niyə əl atmırsınız?

– Bunu keçmiş Mədəniyyət nazirindən soruşun. 50 dəfə ssenari verdim, bəyənmədilər. Bəlkə də heç baxmadılar. Onlara mənə pul vermək, iş tapşırmaq sərf etmir. Onlar filmləri pul silmək üçün çəkirlər. Mən bir manatı da bağışlamaram. Hamısı aktyorların haqqıdır. Niyə verməliyəm? Bu əqidə məsələsidir. İki dəfə dövlət sifarişli filmdə çəkilmişəm. Başqa şeyə qol çəkib, başqa pulu almışam. Məsəl üçün, 10 manata qol çəkmişəm, 5 manat verib, üzümə gülüblər. Mən niyə razı olmuşam? Çünki işi sevirəm. İnşallah, bundan sonra hər şey yaxşı olar. Sənət adamları layiq olduğu qiyməti alar.

 

Alət çubuğuna keç