Gözdən əlili xüsusi amansızlıqla öldürən şəxslə bağlı məhkəmə qərarı

Şəkidə qətl törətməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, qətl törətməkdə suçlanan Orxan Yusifli Şəki Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb. İstintaq davam edir.

Qətl hadisəsi bu il yanvarın 29-da Şəki şəhərində yerləşən fərdi yaşayış evlərindən birində baş verib.
Mənzildən 1976-cı il təvəllüdlü, 1-ci qrup əlil Eyvaz Səmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Hadisənin şəhər sakini, 1993-cü il təvəllüdlü Orxan Yusifli tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. O.Yusifli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Onun qətli oğurluq məqsədi ilə törətdiyi iddia edilir.

Ona qarşı Cinayət Məcəlləsi 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

İ.Muradov
Musavat.com

Alət çubuğuna keç