Qırğızıstan azərbaycanlıları üzdəniraq “Qarabağ Respublikası”nda ermənilərin keçirdiyi seçkiləri qətiyyətlə pisləyir

Bişkek (Golden Bridge News) Biz keçən əsrin 1929-1937-ci illərində Azərbaycandan Orta Asiyaya sürgün olunan ata-babalarımızın indiki nəslinin nümayəndələri olaraq daim tarixi vətənimiz Azərbaycanda gedən dəyişiklikləri, ictimai-siyasi prosesləri, mədəni-quruculuq işlərini diqqətlə izləmiş, uğurlarına sevinmişik.
Ancaq bir neçə gün öncə tanınmamış üzdəniraq Qarabağ Respublikasında ermənilər prezident seçkisi keçirmişlər. Bir diaspor rəhbəri və Qırğız Respublikasının əməkdar hüquqşünası kimi, koronavirus pandemiyasının bütün dünyanı cənginə aldığı bir vaxtda, beynəlxalq aləmdə qəbul edilməyən və nəticələri hələ əvvəlcədən tanınmayan separatçı rejimin bu seçki imitasiyasını sıradan bir “seçki” şousu adlandıraraq qətiyyətlə etirazımı bildirirəm.
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə keçirildiyi görüşlərin bir məqamında işğal altındakı torpaqlarda saxta “seçkilər” təşkil olunması sülh yolu ilə uzunmüddətli həllə yönəldilən cəhdlərə zərbə vuran bir təhrikdir.
Artıq bir sıra ölkələr və beynəlxalq təşkilatlar “prezident seçkiləri” adlanan bu şounu qınadılar və bununla da Azərbaycanın ərazi bütövlüyünə, qondarma “Dağlıq Qarabağ Respublikası”nın və “seçkilərin” tanınmamasına tam dəstəklərini ifadə etdilər. Dünyanın bir çox ölkələri və Avropa Birliyi, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türkdilli Dövlətlər Şurası, GUAM, Avropa Parlamenti, Türkdilli Ölkələrin Parlament Assambleyası, nüfuzlu media qurumları, eləcə də bir sıra tanınmış dövlət və siyasi xadimlər bu “seçkilər”i Qafqazda sülh və sabitliyə qarşı yönəlmiş qəsdən təxribat, məsuliyyətsiz siyasi addım, sülhə ciddi maneə adlandırdı.
Aldığımız məlumata görə, mayın 21-də də separatçı rejim andiçmə mərasimi keçirməyi planlaşdırır. Qırğızıstanda yaşayan 20 minə yaxın azərbaycanlıların adından “seçkiləri” qətiyyətlə pisləyir və separatçı rejimin qanunsuz “prezidentinin” inauqurasiyasının “və Ermənistan tərəfindən bu qanunsuz aktın dəstəklənməsinin qarşısını almaq üçün” 12 may 1994-cü ildə Azərbaycan-Ermənistan və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Bişkekdə müqavilə imzalandığını nəzərə alaraq Qırğızıstanın da Azərbaycanın haqq səsinə səs verməyə, bu məsələyə müdaxilə etməyə çağırırıq.
Ermənistanın belə “seçkilər”lə Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin işğalı, bu ərazilərdə azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi soyqırımı siyasəti barədə kifayət qədər xəbərdar olan beynəlxalq ictimaiyyəti heç vaxt aldada bilməyəcək, yenə ifşa olunacaqdır.
Hörmətlə
Əzizağa Əliyev
Qırğızıstan Azərbaycanlıları “AZƏRİ” İctimai Birliyinin prezədenti, Qırğız Respublikasının əməkdar hüquqşünası
Alət çubuğuna keç