Azərbaycanlılar İrəvana doğru gedir – Ermənistanda qorxu və təlaş…

Xəbər verdiyimiz kim, Türkiyədə Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradıldığı elan olunub. Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu BAO-nun (Bütöv Azərbaycan Ocakları) təşkilatçılığı ilə keçirilən video-konfransda Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edilib. Artıq Qərbi Azərbaycan Respublikası haqqında bir çox dünya mediası da yazmağa başlayıb. Hətta Ermənistanı  dövlət kimi tanımayan Pakistanın, Qərbi Azərbaycan Respublikasının müstəqilliyini tanıya biləcəyi fikirləri də irəli sürülür. 

Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı Redaktor.az-a bildirib ki, tarixi ərazilərə qayıtmaq bizim əsas fəaliyyət prinsiplərimizdən biri olmalıdır:

“Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə səsləndirib ki, biz İrəvana, Göyçəyə, Zəngəzura qayıdacağıq. Bu, bizim fəaliyyət prinsiplərimizdən biri olacaq. Elə tarixi sənədlər var ki, onları bu gün meydana çıxarmaq və düşmənə qarşı mübarizədə istifadə etmək olar. Bunlardan biri də 1918-ildə İrəvanın ermənilərə güzəşt edilməsi ilə bağlı Azərbaycan Milli Şurasının 29 may qərarıdır. Biz bu qərarı qüvvədən düşmüş hesab edirik. Hansısa iclasın qərarı ilə xalqın taleyi ilə oynamaq olmazdı. Bu qərar əsas verir ki, elan etdiyimiz respublika həmin ərazilərə iddianı ortaya qoysun. Bizim paytaxtımız İrəvan şəhəridir və min illər boyu burada yaşamışıq”.

Qərbi Azərbaycan Respublikasının elan olunması erməniləri təşvişə salıb. Bəs, elan olunmuş bu respublika Dağlıq Qarabağ probleminin həllində hansı rolu oynaya bilər?

Qafar Çaxmaxlı qeyd edib ki, yeni respublika Dağlıq Qarabağla bağlı danışıqlar prosesində Azərbaycanın mövqeyini gücləndirəcək:

“Şübhəsiz ki, elan etdiyimiz bu respublikanın fəaliyyəti Dağlıq Qarabağla bağlı danışıqlar prosesində Azərbaycanın mövqeyini gücləndirəcək. Çünki, Dağlıq Qarabağda əhalinin öz müqəddəratını təyin etmə haqqını tələb edən ermənilərə, bizim də haqlarımızla bağlı məsələ xatırladıla bilər. Biz də ərazilərimizi tələb etmək kimi bir haqqımızın olduğunu dilə gətirə bilərik. Mənə elə gəlir ki, diplomatik anlamda əlimiz güclənəcək. Təbii ki, bunlar erməniləri qorxuya salır. Artıq bizə hücumlar başlanıb”.

Nəzərə alsaq ki, xaricdə erməni lobbisi çox güclüdür və onlar daim təzyiq göstərməyə davam edəcəklər. Belə təzyiqlər bu işi yarımçıq saxlaya bilərmi?

“Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının elanı dünya miqyasında çox böyük rezonansa səbəb olub. Dəstək mesajları davam edir. Biz indidən söyləyə bilmərik ki, ayrı-ayrı dövlətlərin mövqeyi necə olacaq. Lakin özümüz qərarlıyıq ki, torpaqlarımızın geri qaytarılmasını beynəlxalq müstəviyə çıxaraq. Bir yola çıxmışıq, nə erməni lobbisi, nə də başqa qüvvələr bizi bu yoldan döndərə bilməz”, – deyə Qafar Çaxmaqlı bildirib.

Sevda Ulutau / Redaktor.az

Alət çubuğuna keç