Gürcüstanın Saqareco və Laqodexi rayonundakı soydaşlarımıza yardım göndərilib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə xaricdə yaradılan Azərbaycan evləri və ayrı-ayrı azərbaycanlı icma təşkilatları koronavirus pandemiyası çərçivəsində sosial təcrid dönəmində aztəminatlı və həssas əhali qruplarına dəstək aksiyasını davam etdirir.

Bu dəfə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) ölkənin Saqareco və Laqodexi rayonlarında yaşayan 200 nəfər aztəminatı azərbaycanlı ailəsinə ərzaq yardımı edib. GAİM rəhbərliyi öncə Saqareconun və Laqodexinin merləri Giorqi Erbodzonaşvili və Condo Mdivnişviliyə məktubla müraciət edərək, yardımın göstəriləcəyi barədə rəsmi məlumat verib. Daha sonra Saqareco meriyasının sağlamlıq və sosial işlər üzrə departament rəhbəri Sofia Şakaraşvili, eləcə də Laqodexinin bələdiyyə sədri Karlo Сamburiya ilə əlaqə saxlanılıb.

Sofia Şakaraşvili ilə GAİM arasında təhvil-təslim aktı imzalanıb və 100 ərzaq paketi mayın 1-də Saqareco meriyasına təhvil verilib.

Karlo Сamburiya isə bildirib ki, azərbaycanlı ailələrinə çatdırılması üçün 100 ərzaq bağlaması Laqodexi rayonunun Qabal kəndindəki Mədəniyyət Evinə verilməlidir. Mayın 5-də ərzaq paketləri Laqodexi meri və bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə Mədəniyyət Evinə təhvil verilib.

200 ailə üçün nəzərdə tutulmuş hər ərzaq paketinə un, düyü, makaron, vermişel, qarabaşaq, şəkər tozu, qənd, günəbaxan yağı, duz, çay kimi zəruri məhsullar daxil edilib.

Laqodexi bələdiyyəsi və Saqareco meriyası facebook səhifələrində bu çətin dönəmdə təşkil edilən xeyriyyə aksiyalarına görə GAİM-ə təşəkkürlərini bildirib.

Saqareco meriyasının təşəkkür məktubunda deyilir: “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi Saqareco meriyasına 100 aztəminatlı ailə üçün ərzaq paketlərini təhvil verdi. Sosial Yardım Proqramı çərçivəsində Saqareco bələdiyyəsi tərəfindən ilkin mərhələdə artıq 1500 ailəyə, o cümlədən özəl sektorun dəstəyi ilə 130 aztəminatlı ailəyə ərzaq yardımı edilmişdir. Saqareco meriyası koronavirusla mübarizədə yüksək sosial məsuliyyət daşıyan təşkilatlara və iş adamlarına təşəkkür edir”.

Laqodexi bələdiyyəsinin sədri K.Camburiya isə qeyd edib ki, yaranmış mövcud vəziyyətdə qeyri-hökumət sektorunun dəstəyi xüsusilə vacibdir: “Yüksək sosial məsuliyyətə görə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə təşəkkür edirəm. Birgə səylərimizlə koronavirus pandemiyasının öhdəsindən ən qısa müddətdə gələcəyik”.

Qeyd edək ki, bundan öncə GAİM ölkənin Marneuli (250 ailə), Bolnisi (150 ailə) və Telavi (100 ailə) rayonlarında yaşayan azərbaycanlı ailələrinə yardım edib.

Xatırladaq ki, GAİM Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə 2019-cu il aprelin 3-dən Gürcüstanın Marneuli rayonunda fəaliyyətə başlayıb.

Alət çubuğuna keç