Artıq psixoloji müharibənin aparılması istər dövlətlərin, istərsə də güc mərkəzlərinin siyasətinin ayrılmaz hissəsinə çevrilmişdir.

Artıq psixoloji müharibənin aparılması istər dövlətlərin, istərsə də güc mərkəzlərinin siyasətinin ayrılmaz hissəsinə çevrilmişdir. Əvvəlki yazılarda da qeyd etdiyim kimi bu gün bu siyasətin aparılması üçün ən optimal məkan mediadır. Bəli, məhz mediadan istifadə edərək bu qüvvələr insana, onun yaşadığı cəmiyyətə, mənsub olduğu dövlətə və s. asanlıqla təsir etmək gücünə malikdirlər. Təbii ki, insanın şüuruna təsir etmək məsələnin birinci tərəfidir, əsas məqsəd ondan öz maraqları üçün istifadə etməkdir. Medianın hazırkı təsir qüvvəsinə nəzər salsaq, əminliklə vurğulaya bilərik ki, ən güclü vasitə televiziya və sosial şəbəkədir. Lakin tarixi hadisələrdən də göründüyü kimi bu iki sistemdən öncə psixoloji müharibənin əsasını məhz radiodalğalar qoymuşdur. Kütləvi informasiya vasitəsi olan radio meydana gəldikdən sonra ilk növbədə qəzetlərdən fərqli olaraq məkan və məsafə əngəlini aradan qaldıra bildi. Nəticədə insan psixikasına birbaşa təsir göstərilməsi və təbliğatın aparılması üçün bütün sərhədlər itərək dövlətlərin nəzarətindən çıxdı. Radionun əhali üzərindəki təbliğat gücündən Adolf Hitler və Üçüncü Reyxin rəhbərləri də məharətlə istifadə edərək dünyada hökmranlıq planlarını reallaşdırmağa xüsusi diqqət ayırırdılar. Nasist təbliğatında radioyayımın rolunu izah edən Nasist partiyasının lideri, alman təbliğat maşınının baş ideoloqlarından biri kimi tarixə düşən Yozef Gebbels çıxışlarının birində açıq şəkildə söyləmişdir: “Radio və təyyarələr olmadan mövcud şəraitdə güc qazanmaq və dövləti gücləndirmək sadəcə ağlasığmazdır”. İkinci Dünya Müharibəsi illərində radio vasitəsilə Avropa üzərindən yayım edilərək böyük xalqların şüurlarının ələ keçirilməsi uğrunda mübarizə kəskinləşmişdi. O illərdə xüsusilə İngiltərə və Almaniya arasında “yayım üzərindən” şiddətli mübarizə gedirdi. Böyük Britaniya, gizli radiostansiyaları adlandırılan yeni psixoloji müharibə silahlarından geniş istifadə etməyə başlamışdı. Məqsəd təhdid dolu şayiələri yaymaq və Alman qoşunlarının əhval-ruhiyyəsini zəiflətmək idi. Nasist təbliğatı kimi, gizli İngilis radiostansiyaları da heç bir mənbəyə istinad etmədən yalan məlumatlar yayırdı. Nasistlərin yayımlar vasitəsilə xarici dövlətlərin vətəndaşlarına psixoloji təsir üsülundan İkinci Dünya Müharibəsinin vacib hissəsi olan, dörd il davam etmiş və 1945-ci ilin avqustunda Xirosima və Naqasaki şəhərləri üzərində iki nüvə bombasının partlaması ilə sona çatan Yaponiya ilə müharibədə ABŞ da məharətlə istifadə etmişdi. Əgər Gebbelsin Təbliğat Nazirliyi ABŞ-dakı “izolyasionistlər” adından yayımlanan gizli radiostansiyaların yayımlarını təşkil edirdisə, amerikalılar eyni təbliğatı Yaponiyadakı neytral yaponlar adından edirdi. Məlumat üçün bildirim ki, izolyasionizm beynəlxalq münaqişələrin həllində iştirakdan imtina siyasətidir. Uzun illər boyu Gebbelsin potensial dinləyicini bir növ şüuru, hissləri və hərəkətləri ilə maşın kimi idarə edilə bilən insana – robota çevirməyə yönəlmiş modeli əksər radiomüharibələrin aparılması üçün ümumi qayda rolunu oynadı. Manipulyasiya konsepsiyalarının mahiyyətini əsaslı şəkildə İkinci Dünya Müharibəsi zamanı müqavimət hərəkatının üzvü, fransız professor Jak Ellül belə açıqlamışdır: “Artıq təbliğatda əsas məsələ açıq şəkildə qəzetdə bir xəbərin verilməsi və ya radioverilişdə səslənməsi deyil, təbliğatçının istəyinə uyğun olaraq insanın nəyi düşünməsi və nəyə inanmasıdr”. Başqa sözlə desək, insana və ya müəyyən bir cəmiyyətə psixoloji təzyiq göstərmək, onlarda xüsusi reaksiya doğurmaq, istədiyiniz şəkildə hərəkət etməsinə nail olmaq. Radio psixoloji informasiya silahı kimi həmçinin 1946-1989-cu illərdə SSRİ və ABŞ arasında qarşıdurma “Soyuq müharibə” zamanı geniş istifadə olunmuşdu. Soyuq müharibə illərində hər gün qərb radio dalğaları müntəzəm olaraq kommunizm təhlükəsi barədə yazılar yazır, əhali arasında hərbi psixoz vəziyyəti yaradır və daim insanları qorxu içində saxlayırdı. Bu iki dövlətin geosiyasi mübarizəsində xüsusilə Azad Avropa Radiosu (RFE), Amerikanın Səsi (VOA), Azadlıq Radiosu (RLT) kimi məşhur radiostansiyalar fəal iştirak etmişdilər. Təbii ki, televiziyanın və sonrakı mərhələdə internetin sürətli inkişafı ilə radio psixoloji müharibə sahəsindəki yerini dəyişdi. Lakin XX əsrin ən böyük hadisələrində ön planda olmuş radio bu gün də effektiv təbliğat vasitələrindəndir.
P.S. ARDI VAR…
Elvin Talışınski
На изображении может находиться: 1 человек, стоит и на улице
Alət çubuğuna keç