SOYQIRIM TÖRƏNƏN YERDİ XOCALI

Toplardan o gecə mərmi atıldı,
Xainlər düşmənə necə satıldı,
Əzəli torpağım yada qatıldı.
Odlara qalandı yurdum, Qaralı,
Allahdan gözlədi ümid, Xocalı.

Ruslar erməniylə hücum etdilər,
Hər alçaq işlərə birgə getdilər.
Qırğını törədib qaçıb itdilər.
Qarda donmuş şəhid, neçə yaralı?
Dağlar qan ağladı, yandı Xocalı.

Saqqallı canilər kəndə darışdı,
Xocalı fəryadı ərşə qarışdı,
Şəhər bir gecədə yandı, alışdı.
Körpələr döşənib yerdə saralı,
Soyqırım törənən yerdi Xocalı.

O gecə Qarqar da qan ağlayırdı,
Ruhlardan ayrılan can ağlayırdı.
Ah çəkən ahlar da can dağlayırdı,
Qovdular meşəmdə ceyran, maralı,
Çaqqallar doluşdu, yandı Xocalı.

İnsanı ağactək edib qol – budaq,
Bədəndən ayrılan baş, ayaq, qulaq,
Nə qədər qırıblar, gör, qalaq-qalaq,
Analar baladan qaldı aralı,
Soyqırım törənən yerdi Xocalı.

Anası erməni, satqın, qurumsaq,
Sirrini verirdin dayına, sarsaq,
Yaram sağalsa da, qopardın qaysaq.
Qaçmağa kimsənin oldu macalı?
Soyqırım törənən yerdi, Xocalı.

XOCALI FACİƏSİ

Xocalı, Soyqırım! İlahi görən?
Yer üzündə belə gəzmək olarmı?
Süngüyə sancılan körpəni görən,
Yaşamaq olarmı, dözmək olarmı?

İsməti tapdanan qızlar, gəlinlər,
Dərisi soyulan kişilər, ərlər,
Şir kimi döyüşüb ölən əsirlər,
Qəddini dik tutub gəzmək olarmı?

Balanı yandırdı ana yanında,
İt qanı axırdı «hayem» qanında.
Əsir nə gündədir yarım canında,
Qansız alçaqları əzmək olarmı?

Xocalı dayandı, məğrur yaşadı,
Onlar ürəklidi, xalqla qoşadı.
İgid qanları da aşıb-coşardı,
Şeytan hiyləsinə dözmək olarmı?

Dəhşətli o gecə düşdü yadıma,
Xocalı gətirdi pənah Ağdama.
Qoçaq Alı1 yetdi girov dadına,
Erməni gözündən Allah, qan dama,
Əsl soyqırımı edib Ağdama.

KAŞ Kİ KÜLƏK QOVA
ÜZLƏRDƏ QƏMİ

Göl qırağında gördüm duz qalaqları,
Hanı dağlarımın buz bulaqları?
Yığardıq yarpızla, quzqulaqları,
Həkəri çayıtək axmağım gəlir,
Çəmənli düzlərə baxmağım gəlir.

“Adam qayası”na hərdən çıxardıq,
Kəkotu, qırxbuğum tezdən yığardıq,
Zirvədən boylanıb düzdən baxardıq,
Kəndə qayıtmağa həvəsim gəlir.
Yenə yaşamağa nəfəsim, gəlir.

Qartallar uçuşan dağlar görmüşəm,
O cənnət meyvəli bağlar görmüşəm,
Yurdu talananı ağlar görmüşəm,
Oxşayır küləklər saçımda dəni,
O doğma ellərim çağırır məni.

Cavanlar qocayla saxlamır pərdə,
Uduzdum hələ ki, inandım nərdə,
Ürək tab gətirmir bu ağır dərdə,
Meşəli dağlarım yolumu gözlər,
Dərd artar, deməyin qüssəli sözlər.

Evlər dolu qaldı, dözdüm bir təhər,
Atı cilovladım, tapmadım yəhər.
Vətənsiz yediyim zəhərdi, zəhər,
Heyf, biçilməyən qalıbdır zəmi,
Kaş ki, qova külək üzlərdən qəmi.

AĞDAMLI GÜNLƏRƏ QAYIDAQ, ALLAH

Arzular insanın qəlbində doğar,
Yatan millətimi oyadaq, Allah.
Arzular insanın dərdin də boğar,
Ağdamlı günlərə qayıdaq, Allah.

Xəyalımla düşünürəm hər gecə,
Sözlü sirdaşımı salma dilimdən.
Uşaqlıq çağların unudum necə?
Allah! Yaddaşımı alma əlimdən!

Bütün gözəlliyi sevirəm inan,
Rəbbim yaradıbdır bu düzənliyi.
Şeirə, qəzələ vurğundur yanan,
Duyğusuz hiss duymaz o gözəlliyi.

Məni öz elimə ruhum çağırır,
O doğma yurdumla nəfəs alıram.
Dən düşmüş saçlarım vaxtsız ağarır,
Gənclik illərimi yada salıram.

Günahım olarsa soyub asdırın,
Yurdumda bayquşlar, bu nə kələkdir?
Məni öz elimdə yuyub basdırın,
Vətənin torpağı mənə gərəkdir.

Yazmaqdan yorulmaz əlim, biləyim,
Halaldı qazancım, çayım, çörəyim,
Rəbbimlə döyünən qəlbim, ürəyim,
Qalmışam vətənsiz, sınıb dirəyim.

Serimi yoğurub necə yaparam,
Torpağımdan hər an qüvvət alaram.
Şuşaya qovuşsam nicat taparam,
Günümü yuxusuz günə qataram.

Şərikəm xalqımın dərd azarına,
Ordum zəfər çalsın dözüm, ay Allah.
Atamın uyuyan tək məzarına,
Bir dəstə gül-çıçək düzüm, ay Allah.

Bahar nəğməsini duymaq istəyən,
Alsın gül ətrimi ətirli güldən.
Raufu axtarsa əgər dostları,
Onu xəbər alsın nəğməli dildən.

Rauf İLYASOĞLU

Rauf İlyasoğlu imzası oxuculara yaxşı tanışdır. İlk məqaləsi 1975-ci ildə Ağdam rayon qəze-tində (“Lenin yolu”) çap olunmuşdur. Dövri mətbuatda yüzlərlə satirik və məhəbbət mövzulu şe-irləri, hekayələri, bayatıları, cinaslı rübailəri, publisistik yazıları, oçerkləri dərc olunmuşdur. Uzun illər “Respublika” qəzetində işləməsi onu daha da püxtələşdirmiş, maraqlı yazıları ilə geniş oxucu rəğbəti qazanmışdır.
Hazırda “Həkəri” qəzetinin baş redaktoru, Gunaz.az saytının redaktoru olan Rauf İlyasoğlu-nun “Xatirəyə dönmüş anlar”, “Dostlara dost töhfəsi”, “Qara göl” (roman), “Könül duyğularım” (2 cildlik), “Dost sədaqəti”, “Dünya şöhrətli alim, karikaturaçı-rəssam” (K.Kərimova həsr olu-nub), “Cinaslı rübailər”, “Bayramsız Laçın, Laçınsız Bayram” (şəhid haqda), “Şeyx Dədə” adlı kitabları işıq üzü görmüşdür. Yüzlərlə kitabların redaktoru, məsləhətçisi, ön söz müəllifi olmuşdur.
Atası şair-publisist İlyas Qəmgin (Allahverdiyev yaradıcılığının davamçısı olmuş, haqqında Azərbaycan Televiziyasının “Mədəniyyət” proqramında film çəkilmiş, 50 illik yubileyi Misir Mə-dəniyyət Mərkəzində, 55 illik yubileyi isə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında geniş qeyd edilmişdir.
Qarabağ müharibəsi iştirakçısı, II qrup əlildir. Beynəlxalq İdeal Sülhün Təbliği Fondunun Rəy Komissiyasının sədri, Beynəlxalq Əlillər Cəmiyyətinin, Şəhid Ailələrinin Sosial Dəstək İctimai Birliyinin və bir çox ictimai birliklərin mətbuat xidmətinin rəhbəridir. 2015-ci il Milli Məclisə de-putatlığa namizədliyi irəli sürülmüşdür.
Azərbaycan Dövlətçiliyinə Milli Dəstək Mərkəzinin Qarabağ üzrə sədridir.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi şeiri-poeması IV si-nif Azərbaycan dili (sinifdən xaric), Oxu dərs vəsaitinə daxil edilmişdir və 2011-ci ildən hər il kütləvi tirajla çap olunaraq şagirdlərin stolüstü kitabına çevrilmiş və bu gün də kitab mağazaların-da satılır.
Təqdim olunan kitab dünya şöhrətli alim Kərim Kərimovun yaradıcılığına həsr olunmuş ikinci nəşridir.
“Rauf İlyasoğluna yeni-yeni yaradıcılıq uğurları, can sağlığı arzulayırıq.

Alət çubuğuna keç