Azərbaycanda bu bahalı əməliyyatlar pulsuz olacaq

Yanvar ayının 1-dən icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqinə başlanılıb.

Artıq şimal bölgələrində tibb xidmətlərindən istifadə edilir. Bildirək ki, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayı 2550-dir. Sığorta haqqının yığımları isə bu ilin aprel ayının 1-dən başlanacaq.

Maraqlıdır, Xidmətlər Zərfinə hansı bahalı əməliyyatlar daxildir?

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Cebhe.info-ya verilən rəsmi məlumatda bildirilib ki, Xidmətlər Zərfində təminata alınan stasionar tibbi xidmətlər stasionar cərrahi və stasionar terapevtik tibbi xidmətlərdən ibarətdir:

“Stasionar cərrahi xidmətlərin sayını 950 qruplaşdırılmış xidmət təşkil edir. Təminata alınmış əməliyyatlar sırasında həyati vacib-dəyəri yüksək olan əməliyyatlar əhali üçün böyük əhəmiyyət kəsb edir. Məsələn, anevrizma əməliyyatları, baş beyin və beyin qişalarında aparılan əməliyyatlar, aorta-koronar şuntlama əməliyyatı, anadangəlmə ürək qüsurları, koxlear implantasiya, oynaq endoprotezlərin yerləşdirilməsi və s. Xidmətlər Zərfində təminata alınan stasionar terapevtik xidmətlərin sayını 3510 diaqnoz əsasında qruplaşdırılmış 255 xidmət təşkil edir. Ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta təminatına alınıb. Məsələn, qan dövranı sistemi xəstəlikləri – miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, serebrovaskulyar xəstəliklər və s.”

Qeyd edək ki, Azərbaycanda “Tibbi sığorta haqqında” Qanun 1999-cu ildə qəbul olunub. Tibbi sığorta icbari və könüllü olmaqla iki cür həyata keçirilir. İcbari tibbi sığorta dövlətin sosial sığortasının tərkib hissəsidir. 27 dekabr 2007-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması haqqında” Sərəncam imzalanıb. 2009-cu ildə dövlət büdcəsindən tibbi sığorta islahatlarının həyata keçirilməsi üçün vəsait ayrılıb. 2012-ci ildə icbari tibbi sığortanın tətbiqinə dövlət büdcəsindən 30.1 milon manat vəsait ayrılıb. Prezidentin 2016-cı il 29 noyabr tarixli Fərmanına əsasən, 2017-ci ilin yanvar ayından etibarən ölkəmizdə icbari tibbi sığortanın pilot layihə şəklində həyata keçirilməsinə başlanılıb. Pilot layihə ilk olaraq Mingəçevir şəhəri və Yevlax rayonunda, 2018-ci ildən etibarən isə Ağdaş rayonunda tətbiq edilib. Onun pilot layihə şəklində həyata keçirilməsində əsas məqsəd isə xərclərin nə qədər tutacağını dəqiq müəyyənləşdirmək idi. Bundan sonra 2018-ci ildə Prezident İlham Əliyev “Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama görə, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon manat ayrılıb.

Alət çubuğuna keç