Müxalifətin əl çəkə bilmədiyi söyüş ritorikası

Arzuman Abdulkərimov: “Söyüş ritorikasını gündəmə gətirən şəxslər cəmiyyətə, xalqa zərbələr vururlar”

Azərbaycanda müxalifət partiyalarının bir çoxu fəaliyyətlərini, sadəcə olaraq, sosial şəbəkələr üzərindən qurublar. Onlar hətta sosial şəbəkə üzərindən virtual seçki keçirib, “qalibi” təbrik də edirlər. Bəzi müxalifət partiyalarının liderləri hətta sosial şəbəkələrdə saxta tərəfdarlar (trollar) da saxlayırlar ki, onlar vasitəsilə rəqibə qarşı söyüşlü qara piar aparmaqdan belə çəkinmirlər. Növbədənkənar parlament seçkiləri ərəfəsində özlərini mədəni, söyüşdən kənar hesab edilən şəxslərin tərəfdarları belə normal rəqabətdə bir qədər geri qalan kimi söyüş ritorikasına keçirlər. Onlar müxtəlif saxta profillərin adından təhrif edilmiş məlumatlar paylaşıb, “siyasətdən xəbəri olmayan şəxslərin” əli ilə rəqiblərini söyüş hədəfinə çevirirlər. Ekspertlər deyirlər ki, bununla divident qazanmağa çalışan şəxslər ümumilikdə ölkənin siyasi mühitini korlayır, siyasətə söyüş ritorikasını gətirirlər.

“Yeni Müsavat”a danışan Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov bildirib ki, artıq 3 ilə yaxındır ki, Azərbaycanda radikal müxalifət tərəfindən formalaşdırılan trol qrupları fəaliyyət göstərir:

“Bəzi müxalifət liderləri trol qrupları vasitəsilə məsələni iqtidar tərəfə yönəltmək istəyirlər. Bir dönəmdə, açığını desək, həmin şəxslər istəklərinə nail ola bilmişdilər. Yəni cəmiyyətin müəyyən bir qismində onlar belə fikir formalaşdıra bilmişdilər ki, trol qruplarını guya əslində iqtidar tərəfi yaradıb. Ancaq zaman-zaman bu adamların paxırları ortaya çıxdı. Elə özləri-özlərini ifşa etdilər. Belə ki, bunların sosial şəbəkələrdə bir-biriləri ilə yazışmaları, səs yazıları ortaya çıxdı. Bəzi qüvvələr tərəfindən həmin məlumatlar ortaya çıxarıldı və geniş şəbəkədə yayıldı. Nəticədə məlum oldu ki, radikal müxalifətin başında duran Əli Kərimlinin tabeçiliyindəki insanlar, ölkədə çaxnaşma yaratmaq istəyən qruplar bu məsələdə xüsusi aktivlik edirlər. Onun mühafizəçisinin də bir qisim insanlarla yazışması üzə çıxdı və məlum oldu ki, bizim dediyimiz artıq öz təsdiqini tapdı. Yəni hər kəs bildi ki, bu trol qrupunun başında müxalifətdən olan şəxslər durur. Bu adamlar trollar vasitəsilə müxtəlif şəxslərə fikirlər yeridib, öz istəklərini həyata keçirirdilər. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan, savaşan insanları bu qruplar vasitəsilə indi də ləkələməyə davam edirlər. Hesab edirəm ki, bir dönəmdən sonra son zamanlar dövriyyəyə girən şəxslər ifşa ediləcək. Bu zaman isə Azərbaycan xalqı növbəti həqiqətin şahidi olacaq. Biləcəklər ki, söyüş ritorikasını gündəmə gətirən şəxslər əslində cəmiyyətə, xalqa necə zərbələr vururlar”.

Əli RAİS,
“Yeni Müsavat”

Alət çubuğuna keç