ABŞ Rusiyaya əl uzatdı – Kremlin cavabı nə olacaq?

Nəzakət Məmmədova: “Bu, diplomatik etiket səciyyəli bir jestdir və… sanksiyalar yumşalmayacaq”

Amerika kəşfiyyatı Rusiyada terrorun qarşısını alıb. “FSB” Sankt-Peterburqda terror aktları hazırlamaqda şübhəli bilinən şəxsləri saxlayıb. Yeni il ərəfəsində hücuma hazırlaşan terrorçular Rusiya xüsusi xidmət orqanlarının amerikalılardan aldığı məlumatlar əsasında həbs edilib.

Rusiyanın “TASS” agentliyinin xəbərində o da vurğulanır ki, “FSB” terrorçuları 27 dekabrda yaxalayıb. Həbs olunan şəxslərdən hücum hazırlığını təsdiqləyən dəlil və materiallar da aşkar edilib. Artıq Rusiya Cinayət Məcəlləsinin 30-cu (cinayət törətməyə hazırlıq), 205-ci (terrorizm) və 205.1 (terror təşkilatının fəaliyyətində iştirak) maddələri ilə cinayət işi açılıb.

Bu əməliyyatla bağlı Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı amerikalı həmkarı Donald Trampa Rusiyadakı terror hücumlarının qarşısını almaqda xüsusi rol oynamış kəşfiyyat məlumatlarının ötürülməsinə görə təşəkkür edib. ABŞ-ın düşmən münasibətində olduğu Rusiyaya bu “xidməti” müzakirələr doğurub. Bəzi ehtimallara görə, bu, iki ölkə arasında 2014-cü ildən bu yana gərginləşən münasibətlərə istilik gətirə bilər. Eyni zamanda iki dünya gücü arasında terror aktlarının qarşısını almaq üçün müqavilənin olub-olmadığı istiqamətində də fərqli fikirlər səslənir, müxtəlif mülahizələr irəli sürülür.

Təhlükəsizlik məsələləri üzrə ekspert Nəzakət Məmmədova bunu diplomatik bir jest sayır: “Rusiya prezidenti, qeyd etdiyiniz kimi, Mərkəzi Kəşfiyyat İdarəsinin Peterburqda terakta hazırlaşan terrorçuların ələ keçirilməsində informasiya dəstəyi göstərdiyi üçün Trampa təşəkkür edib. Lakin bu, ilk belə hal deyil. Bundan əvvəl də 2017-ci ilin dekabr ayında Rusiya prezidenti Vladimir Putin MKİ Peterburqda terakta hazırlaşan terrorçuların ələ keçirilməsində informasiya dəstəyi göstərdiyi üçün ABŞ prezidentinə təşəkkür etmişdi. Həmin vaxt terrorçuların Peterburqun Kazan kilsəsində və adamların sıx toplaşdığı digər yerlərdə teraktlar planlaşdırdığı deyilirdi. Kremlin yaydığı məlumatda iki il əvvəl olduğu kimi, yenə də telefon zənginin Putinin təşəbbüsü ilə gerçəkləşdiyi bildirilib. 2017-ci ildə ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman ABŞ-Rusiya münasibətlərinin düzəlməsinin mümkünlüyü barədə optimist açıqlama vermişdi. Lakin düşünürəm ki, burada heç də hər şey göründüyü kimi deyil. Bu, sadəcə, diplomatik etiket səciyyəli bir jestdir. Putin Trampın reytinqini qaldırmaq, eyni zamanda ilin sonunu xoş məramlı bitirdiyini göstərmək üçün belə bir jest edə bilər. Bu, hazırda sıxışdırılan, impiçmentlə üzləşən Trampa Rusiya prezidentinin kiçik bir sürprizi, nəzakət jesti sayıla bilər. Sual oluna bilər ki, bəs 2017-ci ildə? Həmin dövrdə də Tramp seçkilərdə Rusiyadan dəstək almaqda ittiham olunurdu və bu təşəkkür həmin vaxt Putinin amerikalı həmkarına dostluq və dəstək jesti idi. Lakin ABŞ-ın teraktlar barədə məlumatı şübhəli görünür. Ola bilsin ki, Mərkəzi Kəşfiyyat İdarəsinin hansısa teraktı barədə məlumatıdan Tramp xəbərdar olub və Putini məlumatlandırıb. Putin buna görə ona təşəkkür edib. Bildiyimiz kimi, Trampın ətrafı ”qırğılar”dan ibarətdir, o cümlədən MKİ şefi “qırğı” xanım Cina Haspen. Trampın onlarla münasibəti gərgindir və Rusiyanı bu barədə Trampın və ya onun yaxın ətrafının məlumatlandırması istisna edilmir. Ola da bilər ki, ABŞ terrorçularla əlaqədə olub, yaxud doğrudan da terror aktı barədə məlumatlı olub. Hərçənd Rusiya ərazisində baş verəcək hadisələr barədə bu məlumatları əldə etmək üçün ABŞ-ın Rusiyada kəşfiyyat mövqeləri olmalıdır. Yəqin ki, belə də olub. Amerika hətta ən gərgin münasibətdə olduğu ölkələrə qarşı da bəzən belə addımlar atır. Məsələn, İranda zəlzələlər olanda ABŞ bu ölkə ilə gərgin münasibətlərdə olmasına baxmayaraq, humanitar yardım təklifi edir. Yaxud Obama İran xalqını bir neçə il öncə Novruz bayramı münasibətilə təbrik etmişdi”.

Ekspert iki ölkə arasındakı gərginliyin düzələcəyinə ümid etmir: “Son hadisə və Putinin təşəkkürü ABŞ-Rusiya münasibətlərindəki gərginliyin aradan qalxacağı barədə ehtimallara heç bir əsas vermir. Bu iki dövlətin beynəlxalq münasibətlər sistemindəki maraqları o qədər ziddiyyətlidir ki, yaxın zamanlarda tərəflərdən biri öz mövqeyindən çəkilməsə, qarşılıqlı əlaqələr gərgin olaraq qalmaqda davam edəcək. 20 ildir ki, Putin öz ölkəsinin fövqəldövlət statusunun bərpa olunmasına çalışır və müəyyən qədər buna nail olub. Odur ki, bu səylər davam etdiriləcək və onun hakimiyyətdə olduğu dövrdə Rusiya və ABŞ arasında dünyada liderlik uğrunda mübarizə gedəcək. Lakin dünyanın ən güclü xüsusi xidmət orqanlarından birinə malik olan ölkənin, özü də peşəcə çekist olan Rusiyanın ABŞ-dan terror haqda məlumat alması inandırıcı deyil. ABŞ heç zaman Snouden əhvalatını, eləcə də ”soyuq müharibə” dövründəki kəşfiyyat savaşlarını Rusiyaya bağışlamayacaq və Vaşinqtonun xəbərdarlığı inandırıcı görünmür. Burada diqqətçəkən bir məqam ondan ibarətdir ki, 2017-ci ildə həbs olunmuş, terror törətməkdə şübhəli bilinən şəxslər belə bir niyyətlərinin olmadığını, silahın onlara Rusiya xüsusi xidmət orqanları tərəfindən verildiyini iddia edirdilər. Bu, bir daha yuxarıda qeyd etdiyimiz versiyanı təsdiqləyir ki, “terror xəbərdarlığı” siyasi məqsədlərlə hazırlanmış növbəti ilsonu tamaşasıdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Alət çubuğuna keç