Rüşvət üçün “son zəng”!

Əslində yazı başlığıma “son zəng” cümləsini əlavə etməyim əməllicə yerinə düşdü deyəsən. Sözün əsl mənasında Azərbaycan cəmiyyəti ictimai-siyasi həyatında, sosial sferasında əməlli-başlı “son zəng” dövrünü yaşayır. Təkcə köhnə fikirliləri tarixin arxivinə yola salmaqla deyil, həm də on illərdir ki, yerində saymaqla, ölkə cəmiyyətini ictimai-sosial üfunətə, öz rüşvət cəhənnəminə çevirənlərin qorxulu virus kimi cəmiyyətin orqanizmindən çıxarılması da əsl “SON ZƏNG”DİR. Rüşvət və korrupsiya üçün çalınan son zəng!

Ölkə Prezidentinin son bir neçə ay ərzində ardıcıl olaraq Azərbaycan cəmiyyətini, nəfəs borusuna düşmüş vuris kimi boğmaqda olan rüşvət və korrupsiya şəbəkəsini ifşa edib aradan çıxarmaq üçün atdığı çox ciddi addımlar, nəhayət ki, bu ölkədə rüşvət üçün “son zəng” çalınacağına böyük ümidləri də bərabərində gətirib. Təsəvvür edin ki, yoxsul insanlar üçün nəzərədə tutulan ödəniş kartlarına qədər hər şeyə göz dikən, dövlət başçısı demişkən, Allahından belə qorxmayan və bütün bunlarla da alçalan və dövlət məmuru imicini də özü ilə bərabər cəmiyyətin gözündən salan, bu imici ayaq altında əzdirən, illərdir ki, dövlət məmuru əvəzinə kriminal rüşvət mafiyası kimi dövlət və xalq malına daraşan ünsürlər bir-bir ifşa olunur və məhkəməyə çıxarılır. Sözsüz ki, bu prosesin davamlı olması, “papaq altında yatan” daha dərin rüşvət qruplarının da gün üzünə çıxarılması çox vacibdir. Ən azı ona görə ki, başlanan islahatların, dövlət strukturlarının natəmiz adamlardan silinməsi üçün başlanan işə və insanların bu işə olan ümidlərini puç etməmək üçün bu işin davamının gəlməsi çox çox önəmlidir. Çox vacibdir, çox!. Bunun üçün ilk növbədə ictimai təpki, aparılan işlərə ictimai nəzarət olmalıdır. İctimai nəzarət rüşvətə qalib gəlmək üçün ən effektiv faktordur.

Dövlət başçısı yerli telekanallarla müsahibəsində gözəl bir məqama toxundu. Sitat: “Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha güclü olmalıdır. Bunu, sadəcə, söz naminə demirəm. Bəlkə də bir çox hallarda bunu təkrarlayıram. Nəyə görə? Çünki bu yoxdur bizdə. Bilirsiniz, ya yoxdur, ya da ki, ibtidai vəziyyətdədir. Belə olmaz, ictimai nəzarət olmalıdır. Əgər ictimai nəzarət olmasa, biz məlumatı haradan əldə edəcəyik? Mən, misal üçün bildirmişəm və bir daha demək istəyirəm ki, bəzi hallarda mən mətbuatdan bir çox şeyləri öyrənirəm. Çünki bəzi məsələlər mənə məruzə edilmir. Çünki sərf etmir o adamlara məruzə etmək.” Buyurun, bu da mövqe!.
Dövlət başçısı açıqca bu faktı ortaya qoydu ki, bizdə ictimai nəzarət funskiyası yoxdur cənablar və xanımlar!!!. Əgər rüşvətxoru ifşa edib mətbuatlı-cəmiyyətli biyabır etməsək, hüquq-mühafizə orqanları operativ şəkildə cəmiyyətin və dövlətin nüvəsinə daraşıb gəmirən bu cinayətkarlara qarşı son dərəcə amansız mövqe tutmasalar, cəmiyyətdə rüşvətxorlar barədə “beş-üç manat verib yenə də canlarını qurtaracaqlar” fikri alt-üst edilməsə, gedti bütün çəkilən zəhmətlər işinin dalınca…

İndi gələk bizim neçə əsrlərdir ki, bizimlə yol gələn görülən işə mız qoymaq adətimizə. İstər müxalifətdə ol istər bitərəf ol, gerçəkdən görülən real işə “mız qoymaq”, ona qara yaxmaq şəxsiyyət üçün alçaldıcı faktdır, vəssalam. İnsanın daxilində vicdan deyilən adil hökmdar var və hansı düşərgədə olmasından asılı olmayaraq hər kəs o vicdan şahını ürək taxtından salmamalıdır. Yoxsa, insanın daxilindəki nizam-tərzi itir və sən istənilən vicdansızlıq işində əsas aktyora çevrilirsən. Rüşvət, rüşvət alanlar və rüşvət verənlər milyon illər əvvəl də olub indi də var və milyon illər sonra da olacaq. Əsas məsələ qanunları hökmdara çevirib bu rüşvət bazarının kələyini kəsməkdir. Yoxsa onlar var gücü ilə cəmiyyətin “belini qırmağa” başlayırlar.

İndi də sadə insanları boğaza yığan belələrinin “ovlanması” başlayıb və gərək cəmiyyət olaraq hamımız buna dəstək verək. Çünki, bu və digər formada elə bizlərin hər biri bu rüşvət bazarının canlanmasında zərrə qədər də olsa rol oynayırıq əzizlərim. Dayanın, dayanın, o saat məni asmağa tələsməyin bu sözümə görə. Axı, qanunla sırada növbə gözləyib sənədimizi almaq əvəzinə, kağızın arasına “beşdən-üçdən” qoyub qabağa keçmək həvəsinə düşən, səbr edib hansısa işimizi qanunla həll etmək əvəzinə, həmin işimizi hansısa “hədiyyə paketi” ilə aşırmağa çalışan və bununla da rüşvətxorları yemləyən də bizlərik. Yalan deyirəm?,-qətiyyən!. Hə, o başqa məsələ ki, sənin qanunla iş görmək tələbinin əvəzinə, həmin rüşvətxor məmura təpki əvəzinə, “gözümün üstündə yerin var” deyən havadarlar tapılır. Elə buna görə də dövlət bu cür havadarları əbədi istirahətə yollayır da. Odur ki, rüşvətxorlar üçün “son zəngi” ya özümüz çalacayıq, ya da həmin rüşvətxorlar bizim sonumuz üçün zəng çalacaqlar, vəssalam!

Mətləb Salahov

Alət çubuğuna keç